MƏDƏNİYYƏT
28 may – Respublika Gününə həsr olunmuş tədbir-sərgi
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də “İdrak” liseyində Azərbaycan İstiqlal Muzeyinin və liseyin birgə təşkilatçılığı ilə 28 may – Respublika Gününə həsr olunmuş tədbir-sərgi keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, “İdrak” liseyin tarix müəllimi Nəsib Rzayev Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən və fəaliyyətindən danışıb.
Azərbaycan İstiqlal Muzeyinin əməkdaşları Gülay Ramazanova və Arzu Quliyeva Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti, Parlamenti haqqında ətraflı məlumat veriblər.
Respublikanın çox qısa və çətin bir dövrdə fəaliyyət göstərməsinə baxmayaraq təhsil, mədəniyyət, ordu və digər sahələrdə əldə etdiyi uğurlardan söz açıblar.
Tamaşaçılara “Əbədi ezamiyyət” adlı sənədli film təqdim olunub.
Liseydə təşkil olunan sərgidə Azərbaycan İstiqlal Muzeyinin fondunda saxlanılan Azərbaycan Xalq Cümhuriyyəti dövrünü əks etdirən fotolar nümayiş olunub.
Tədbirin sonunda Azərbaycan İstiqlal Muzeyinin əməkdaşları tərəfindən “İdrak” liseyinin şagirdləri üçün hazırlanan viktorina keçirilib, qaliblər mükafatlandırılıb.