SİYASƏT
28 May- Respublika Günü Balakəndə silsilə tədbirlərlə qeyd olunmuşdur
Balakən, 28 may (AZƏRTAC). Azərbaycan Xalq Cümhuriyyətinin 96-cı ildönümü Balakən rayonunda silsilə tədbirlərlə geniş qeyd olunmuşdur. Əlamətdar bayram münasibətilə rayonun müəssisə və təşkilatlarında, təhsil müəssisələrində müxtəlif tədbirlər, “dəyirmi masa”lar və konfranslar keçirilmiş, Cümhuriyyət dövründən bəhs edən kitab sərgiləri açılmış, idman yarışları təşkil olunmuşdur.
AZƏRTAC xəbər verir ki, Respublika Günü münasibətilə Balakən şəhərindəki Mədəniyyət Mərkəzində ümumrayon tədbiri keçirilmişdir. Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Toplantıda Xalq Cümhuriyyətinin yarandığı tarixi dövrə nəzər salınmış, müstəqil Azərbaycan Respublikasının Cümhuriyyətin varisi olduğu vurğulanmışdır. Qeyd olunmuşdur ki, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi idi.
Bildirilmişdir ki, xalqımızın milli oyanış və dirçəlişini təcəssüm etdirən, Azərbaycanın milli dövlətçilik ənənələrinin əsasını qoyan Xalq Cümhuriyyəti çox az, cəmi 23 ay yaşasa da, tarixdə silinməz izlər qoymuşdur. Yalnız sovet imperiyası dağıldıqdan sonra, 1991-ci ildə yenidən öz dövlət müstəqilliyinə qovuşan Azərbaycan artıq 23 ildir ki, azad şəraitdə yaşayır və hər il bu vaxt ilk demokratik dövlətin yaranması gününü təntənəli şəkildə qeyd edir.
Sonra tədbir iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən “Tarixin yaddaşı” sənədli filminə baxmışlar.