MƏDƏNİYYƏT
2 fevral - Gənclər Günü Sabunçu rayon Gənclər evində də qeyd olunub
Bakı, 3 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin, Sabunçu rayon İcra Hakimiyyətinin və rayonun gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib. Tədbir Sabunçu rayon Gənclər evində təşkil olunub.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə dövlət himni səslənib, gənclərə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edənlər ölkəmizdə gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildiriblər. Ulu Öndər bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirib. Gənclər və İdman Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi, gənclər siyasəti ilə bağlı dövlət proqramlarının qəbulu ümummilli liderin gənclərə böyük qayğısının bariz nümunəsi idi.
Qeyd olunub ki, bu gün ölkəmizdə gənclər siyasəti yeni inkişaf dövrünə qədəm qoyub. Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafına diqqət və qayğı ilə yanaşır. Gəncliyə dövlət qayğısı sağlam və intellektual nəslin formalaşmasına xidmət edir, gələcəyə böyük inamla baxmağa əsas verir.
Tədbirdə il ərzində Sabunçu rayonunun ictimai-siyasi həyatında ən fəal iştirak edən gənclərə Fəxri fərman və hədiyyələr təqdim olunub.
Sonda “Səma” rəqs ansamblının ifasında nümayiş olunan rəqslər, tanınmış və gənc müğənnilərin çıxışları alqışlarla qarşılanıb.