2 fevral - Gənclər Günü qeyd edilib
Bakı, 27 yanvar, AZƏRTAC
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyində (İB) Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və ziyalıların iştirakı ilə 2 fevral - Gənclər Gününə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, İB-nin birinci vitse-prezidenti Rasim Məmmədov ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan gəncliyinə daim böyük diqqət yetirib. Dahi rəhbərin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Ulu Öndər hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycan gənclərinin müasir tələblərə cavab verən, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşması üçün çalışıb.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, AMEAM-ın müxbir üzvü, professor Aida İbrahimova, professorlar Əsədulla Qurbanov, Şəddat Cəfərov çıxış edərək ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin, müstəqilliyimizin qurucusu olmaqla yanaşı, gənclər sahəsində dövlət siyasətinin yeni forma və çalarlarla zənginləşməsi istiqamətində gördüyü işlərdən danışıblar.
Gənclərə öz tövsiyyələrini verən natiqlər bildiriblər ki, bu gün ölkəmizin sürətli iqtisadi inkişaf yoluna qədəm qoyması ölkə başçısının düşünülmüş siyasətinin nəticəsidir. Dövlətimizin başçısının uzaqgörənliklə reallaşdırdığı bu siyasətin həyata keçirilməsində gənclərin də üzərinə mühüm vəzifələr düşür.
İB-nin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Nəcəf Qəmbərov Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində regionun lider dövlətinə çevrilən Azərbaycanın qazandığı uğurlardan, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələrdən, bu inkişafa gənclərin verdiyi töhfələrdən danışıb.
Tədbirdə çıxış edən gənclər ölkə başçısı tərəfindən uğurla həyata keçirilən dinamik inkişafın davamlılığını təmin etmək üçün üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışdıqlarını bildiriblər.
Sonda yeni üzvlərə qurumun vəsiqələri təqdim olunub.