ELM VƏ TƏHSİL
30 AMERİKALI MÜƏLLİM AZƏRBAYCANA GƏLMƏYƏ HAZIRLAŞIR
ABŞ-ın Azərbaycandakı səfirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu ölkənin “Sülh korpusu” təşkilatından 30 könüllü müəllim yaxın həftələrdə respublikamıza gələcəkdir. Onlar ölkəmizin müxtəlif bölgələrində dərs deyəcəklər.
Qeyd olunmuşdur ki, “Sülh Korpusu”nun başlıca məqsədi amerikalı könüllülər vasitəsilə xarici vətəndaşlara ingilis dilini öyrətməkdir. Müəllimlər Azərbaycan ailələrində yaşayaraq, məktəblilərə ingilis dilini tədris edəcəklər.
Səfirliyin nümayəndələri ABŞ hökumətinin son 10 il ərzində təhsil sahəsində mübadilə proqramlarına 40 milyon dollar ayırdığını vurğulamış və bunu Amerika rəhbərliyinin Azərbaycanın gələcəyinə diqqətinin göstəricisi kimi qiymətləndirmişlər.