QAN YADDAŞI
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin üzvləri şəhidlərin xatirəsini yad ediblər
Bakı, 30 mart, Tərgül Ağayeva, AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TÜMİB) üzvləri martın 30-da Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.
İctimai Birliyin üzvləri türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edib, önünə gül dəstələri qoyublar.
Daha sonra TÜMİB-in təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İctimai Birliyin sədri Çingiz Bayramov 1918-1920-ci illərdə ermənilərin xalqımıza qarşı törətdikləri qanlı cinayətlərdən danışıb. Qeyd olunub ki, qəsbkar düşmən zaman-zaman dəhşətli faciələr törədib, günahsız qanlar axıdıb. 1918-ci il martın 30-31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atıblar. Bu soyqırımına əsl hüquqi-siyasi qiymət isə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra verilib.
Mənfur ermənilərin bu gün də qəsbkarlıq siyasəti apardıqlarını bildirən Anadolu Universitetinin “Azərbaycan proqramları”nın rəhbəri Azər Hətəmov deyib ki, bu barədə dünya ictimaiyyətinə daha ətraflı və dolğun məlumatlar çatdırılmalıdır.
Qeyd edilib ki, erməni millətçilərinin xalqımıza qarşı apardıqları soyqırımı və təcavüz siyasətinin 200 ildən artıq tarixi vardır. Ermənilərin terror və soyqırımı siyasətinin qanlı fəsadları təkcə böyük türk dünyasının deyil, bütün bəşəriyyətin başı üstünü qara kabus kimi bürüməklə əsrlər boyu bu vandalizmin qurbanı olmuş Azərbaycan xalqının qan yaddaşında dərin izlər buraxıb.
“Dəyirmi masada” mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.