QAN YADDAŞI
31 Mart - tarixin bir günü və ya bir günün tarixi
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Dövlət Pedaqoji Kollecində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Tarixin bir günü və ya bir günün tarixi” mövzusunda tədbir keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları kollecin foyesində tələbələrin 31 Mart Soyqırımı faciəsinə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbir Dövlət himninin səsləndirilməsi və faciə qurbanlarının xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Kollecin direktoru Qulu Novruzov ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımları, etnik təmizləmə və deportasiya siyasəti barədə məlumat verib. Qeyd olunub ki, mənfur qonşularımız tarixboyu “Böyük Ermənistan” xülyası ilə yaşayıb və hər zaman torpaqlarımıza göz dikiblər. Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın xalqımızın tarixinə qanlı hərflərlə yazılıb.
1918-ci il 31 mart soyqırımından bəhs edən Qulu Novruzov bildirib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə dövlət səviyyəsində bu qətliama siyasi qiymət verilib.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, BDU-nun dosenti Boran Əziz və digər çıxış edənlər Azərbaycan tarixində, hətta dünya miqyasında erməni daşnaklarının törətdikləri bu cinayətləri kəskin tənqid edib, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu faciələrin anılmasının vacibliyini vurğulayıblar.
Sonra tələbələrin ifasında bədii kompozisiyalar təqdim olunub.