QAN YADDAŞI
31 mart- Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Almatıda “dəyirmi masa” keçirilib
Almatı, 1 aprel, AZƏRTAC
Azərbaycanın Qazaxıstandakı səfirliyi və “Ozan” Azərbaycanlılar Cəmiyyətinin təşkilatçılığı ilə Almatıda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı “dəyirmi masa” keçirilib.
Tədbirdə Almatıda yaşayan azərbaycanlılarla yanaşı, digər xalqların diaspor mərkəzlərinin nümayəndələri də iştirak ediblər.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Dəyirmi masa”da 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı Fərmana əsasən 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyi və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinin uğurla aparıldığı vurğulanıb. XIX əsrin əvvəllərində ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi və türk-müsəlman əhalisinə qarşı törədilən təxribat, soyqırımı aktları tarixi faktlarla iştirakçıların diqqətinə çatdırılıb.
Mədəni mərkəzlərin rəhbərləri çıxışlarında ermənilərin Azərbaycan torpaqlarında törətdikləri qanlı faciələrdən danışıb, bu barədə dünya xalqlarına daha geniş məlumatlar çatdırılmasının vacibliyini vurğulayıblar.
Sonda azərbaycanlıların soyqırımından bəhs edən sənədli film nümayiş olunub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı