QAN YADDAŞI
31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ HOLLANDİYADA ANILMIŞDIR
Paris, 30 mart ( AZƏRTAC ). Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən bildirmişlər ki, 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı qurumun və onun nəzdindəki Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin təşəbbüsü ilə martın 29-da Rotterdamda etiraz aksiyası keçirilmişdir. Tədbirdə Azərbaycan və türk icmalarının, habelə Polşa diasporunun nümayəndələri iştirak etmişlər.
Etiraz aksiyasında iştirak etmiş 200-ə yaxın gənc ön hissəsində Azərbaycanın xəritəsinin və işğal olunmuş ərazilərimizin, arxa hissəsində isə soyqırımı qurbanlarının sayının göstərildiyi ağ köynəklər geymiş və başlarına mavi papaq qoymuşlar.
Əllərində Azərbaycan, Türkiyə və Hollandiyanın bayraqlarını tutmuş aksiya iştirakçıları holland dilində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı pisləyən şüarlar səsləndirmişlər.
Həmin gün azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə ətraflı məlumatın (holland dilində)əks olunduğu 10 minə yaxın vərəqə yerli sakinlər arasında paylanmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
######