QAN YADDAŞI
31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ BAĞLI SƏRGİ AÇILMIŞDIR
Bakı, 30 mart (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin Bədii sərgi salonunda 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı sərgi açılmışdır. Sərgidə rəssam Vaqif Ucatayın (Hüseynov) ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı faktlarını əks etdirən qrafika əsərləri nümayiş olunmuşdur.
Tədbirdə əsrlər boyu erməni millətçiləri tərəfindən vəhşicəsinə qətlə yetirilən günahsız azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə həyata keçirdikləri soyqırımı siyasətindən, onun dəhşətli nəticələrindən ətraflı söhbət açmışdır. O demişdir ki, xalqımıza qarşı soyqırımı siyasəti müxtəlif dövrlərdə müxtəlif forma və üsullarla, kütləvi qırğınlarla, hərbi əməliyyatlarla həyata keçirilmişdir.
Nazir demişdir ki, martın 31-nin Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilməsində, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərlə bağlı müxtəlif sənədlərin qəbul olunmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri danılmazdır. Bu faciələrin dəhşətli nəticələrinin gənclər arasında geniş təbliğ edilməsi olduqca vacibdir.
Ə.Qarayev Vaqif Ucatayın xalqımızın başına gətirilmiş faciələrin nəsildən-nəslə ötürülməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirmiş və bu rəsmlərin xarici ölkələrdə sərgilənməsinin vacibliyini diqqətə çatdırmışdır.
Tədbir iştirakçılarına minnətdarlığını bildirən V.Ucatay demişdir ki, sərgidə 30-dan çox əsəri nümayiş etdirilir. Bu qrafika əsərlərində ermənilərin törətdikləri eybəcərliklər və insanlıq adına ləkə gətirən hallar təsvir edilmişdir. Rəssam bildirmişdir ki, yaxın vaxtlarda bu əsərlərin bir çoxunu böyük tablo şəklində işləyəcəkdir.
Sərgi aprelin 4-dək davam edəcəkdir.
######