QAN YADDAŞI
31 mart hadisələri erməni daşnaklarının bolşeviklərlə birlikdə azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətidir
Sumqayıt, 30 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Qubadlı rayonunun idarə, müəssisə və təşkilatlarında, təhsil ocaqlarında Azərbaycanlıların Soyqırımı Günü müxtəlif tədbirlərlə qeyd edilir. Sumqayıt şəhərində yerləşən Qubadlı Rayon İcra Hakimiyyətinin konfrans zalında soyqırımı günü ilə bağlı martın 30-da tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Malik İsaqov 1918-ci ilin mart-aprel aylarında baş verən hadisələr haqqında geniş məlumat verib. Bildirilib ki, həmin hadisələr əslində erməni daşnaklarının bolşeviklərlə birlikdə azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətidir. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə həyata keçirilən bu qırğın nəticəsində erməni faşistləri on minlərlə azərbaycanlını qətlə yetirmiş, öz torpaqlarından qovmuşlar.
Sonra tədbirdə “Soyqırımı: Qubadlı bölgəsində erməni vəhşilikləri”, “1920-ci il aprel işğalına qədər ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlar”, “Azərbaycanlılara qarşı repressiya və deportasiya aktlarının həyata keçirilməsi və ya soyqırımının yeni adı”, “XX əsrin 80-ci illərinin sonları, 90-cı illərin əvvəllərində Azərbaycanın ərazi bütövlüyünə soyqırımla müşahidə olunan yeni qəsdlər” mövzularında məruzələr dinlənildi.
Məruzəçilər 1918-ci ilin mart-aprel aylarında erməni daşnaklarının törətdikləri soyqırımına, erməni vəhşiliyinə dair məqamlara diqqət yönəltdilər. Qeyd olundu ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən imzalanmış “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli və “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanları bu sahədə çox dərin və dəyərli elmi mənbə olmaqla, həm də hər birimiz üçün aktuallığını heç zaman itirməyən fəaliyyət proqramıdır.
Bildirildi ki, bu gün erməni böhtanlarının ifşası, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən ardıcıl və prinsipial siyasət həyata keçirilir. Bu sahədə Heydər Əliyev Fondunun da misilsiz xidmətləri vardır.
Sonda diqqətə çatdırıldı ki, mənfur qonşularımızın böhtan və şayiələrinə, hər cür həmlələrinə hazır olmaq üçün tariximizi daha dərindən öyrənməli və bundan nəticə çıxarmalıyıq.