QAN YADDAŞI
31 mart soyqırımı XX əsr dünya tarixinin ən qanlı səhifələrindən biridir
Sumqayıt, 1 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
“Azərikimya” İstehsalat Birliyinin akt zalında 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə üzləşib, öz doğma torpaqlarından didərgin salınaraq kütləvi qırğınlara məruz qalıb, minlərlə tarixi mədəniyyət abidəsi və yaşayış məskəni dağıdılıb. 1918-ci ilin mart ayında Bakı, Şamaxı, Salyan, Quba, Lənkəran, Göyçay və digər bölgələrdə, həmçinin Göyçə, Zəngəzur mahallarında və Naxçıvan Muxtar Respublikasında erməni vandalları görünməmiş vəhşiliklər törədib. Üç gün davam edən qırğın və dağıntılar zamanı ümumilikdə minlərlə kənd yerlə-yeksan edilib, on minlərlə azərbaycanlının həyatına son qoyulub.
“Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev azərbaycanlıların öz doğma yurd-yuvalarından qovulduğu, repressiyalara məruz qaldığı həmin günləri XX əsr dünya tarixinin ən qanlı səhifələrindən biri adlandırıb. Bu soyqırımı erməni daşnaklarının təxminən 200 ildən artıq davam etdirdiyi, düşünülmüş və planlı şəkildə həyata keçirdiyi məkrli antiazərbaycan siyasətinin kütləvi deportasiya və qırğın ilə müşayiət olunan davamı kimi qiymətləndirilib.
YAP Sumqayıt şəhər təşkilatının şura üzvü Vəzirxan Ənsərov ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Sərəncamı ilə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini xatırladıb. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində erməni millətçilərinin iç üzü açılaraq onların riyakarlığı, saxtakarlığı, əsrlərdən bəri həyata keçirdikləri işğalçılıq siyasəti dünya ictimaiyyətinə bəlli olub.
Tədbirin sonunda soyqırımı hadisələrindən bəhs edən sənədli film göstərilib.