QAN YADDAŞI
31 mart soyqırımının 97-ci ildönümü Qaradağ rayonunda da qeyd edilib
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycanlıların Soyqırımı Günü Qaradağ rayonunda da qeyd edilib. Əvvəlcə rayonun Sahil qəsəbəsindəki 31 mart Azərbaycanlıların soyqırımı abidə-kompleksi önünə əklil qoyulub.
Tədbirdə çıxış edənlər bildiriblər ki, 1918-ci il martın 30-da gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşaqların öldürülməsi ilə nəticələnib.
Qeyd edilib ki, 1918-ci ilin mart hadisələrinə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qiymət verilməyə cəhd göstərilib. Nazirlər Şurası baş vermiş soyqırımının təhqiqi məqsədilə 1918-ci il iyulun 15-də Fövqəladə İstintaq Komissiyasının yaradılması barədə qərar qəbul edib. Komissiya mart hadisələrini, ilk növbədə Şamaxıda və İrəvan quberniyasında törədilmiş cinayətləri araşdırıb. Baş vermiş hadisələr barədə dünya ictimaiyyətinin ətraflı və düzgün məlumatlandırılması məqsədilə Xarici İşlər Nazirliyində xüsusi qurum yaradılıb. Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu və 1920-ci illərdə martın 31-ni milli hüzn günü kimi qeyd edib.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla erməni millətçiləri tərəfindən törədilmiş hadisələrə siyasi qiymət verildi. Bu Fərman XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada həmin hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli bir sənəd oldu.