QAN YADDAŞI
31 mart soyqırımının ildönümü Tbilisidə qeyd edilib
Tbilisi, 31 mart, AZƏRTAC
Gürcüstan Azərbaycanlıları Milli Konqresi Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar martın 31-də Tbilisidəki Qafqaz Beynəlxalq Universitetində tədbir keçirib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı, universitetin professor və müəllim heyəti, azərbaycanlı və gürcü tələbələr, diaspor nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və soyqırımı qurbanlarının xatirəsi yad olunub. Sonra konqresin sədri Əli Babayev ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlardan danışıb.
Daha sonra universitetin professoru, politoloq Tamara Kikenadze, beynəlxalq münasibətlər üzrə professor Aleksandr Rusetski, tarixçi alim Quram Marxuliya və başqaları çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, son iki əsrdə Azərbaycan və gürcü xalqlarına qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti tariximizin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir.
Bildirilib ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalıblar. Dinc əhaliyə qarşı zor tətbiq edilməsi və separatçıların terroru Gürcüstandan da yan keçməyib. XX əsrin əvvəllərində Kutaisi quberniyasında və Gürcüstanın digər ərazilərində dinc əhali kütləvi şəkildə qətlə yetirilib. Vurğulanıb ki, azərbaycanlıların 1905-1906-cı illərdə İrəvan və Zəngəzurda, 1918-ci ildə Bakı, Şamaxı, Quba və digər ərazilərdə, 1992-ci ildə isə Xocalıda kütləvi şəkildə qətlə yetirilməsinə dünya birliyi tərəfindən hüquqi qiymətin verilməməsi insanlıq əleyhinə cinayətlərin təkrarlanmasına zəmin yaradıb. Dünya birliyi erməni vəhşiliyinə layiqli qiymət verməlidir. Buna nail olmaq üçün gənc nəsil əsl həqiqətləri bilməli, suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda birgə mübarizə aparmalıdır.
Sonda Gürcüstan Azərbaycanlılarının Milli Konqresi adından BMT-yə və digər beynəlxalq təşkilatlara müraciət qəbul olunub, azərbaycanlıların soyqırımından bəhs edən sənədli film nümayiş etdirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi