İQTİSADİYYAT
33 cinayət işi üzrə aparılan araşdırmalarda 906,3 min manat vəsait dövlət büdcəsinə qaytarılıb
Bakı, 19 aprel, AZƏRTAC
2017-ci ilin 1-ci rübündə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğulolma faktları üzrə başlanmış 33 cinayət işi üzrə aparılan araşdırmalar zamanı 906,3 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, departamentin İstintaq idarəsində 141 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 4 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaqı tamamlanmış cinayət işlərindən 31 iş üzrə 33 nəfər barəsində materiallar ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib. 110 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə, onların icraatına xitam verilib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdikləri üçün barələrində axtarış elan olunmuş 6 nəfər tutularaq departamentin İstintaq idarəsinə təhvil verilib.
İbtidai istintaqdan yayınan 49 şəxsin məcburi qaydada gətirilməsi, 92 şəxsin tapılaraq istintaqa cəlb olunması, 96 şəxsin yerinin müəyyən edilərək istintaqa məlumat verilməsi təmin olunub. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakın siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 35 nəfər vergi ödəyicisi müvafiq vergi orqanlarına gətirilib.