İQTİSADİYYAT
37 nömrəli müntəzəm şəhərdaxili marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib
Bakı, 2 dekabr, Elvin Camalov, AZƏRTAC
Paytaxtın marşrut şəbəkəsinin optimallaşdırılması işləri çərçivəsində Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 37 nömrəli müntəzəm şəhərdaxili marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova deyib.
O bildirib ki, dəyişikliyə əsasən 37 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən çıxdıqdan sonra “Moskva” prospektinə, oradan isə Dadaş Bünyadzadə küçəsi ilə hərəkət edərək A.M.Şərifzadə küçəsi ilə yolunu davam etdirəcəklər. Bu dəyişikliyin edilməsinin əsas səbəbi 2-ci Alatava qəsəbəsi sakinlərinin metronun “İnşaatçılar” stansiyasına, eləcə də şəhər mərkəzi istiqamətində gediş-gəlişini asanlaşdırmaqdır. Dəyişiklikdən sonra Alatava sakinlərinin Bakı Beynəlxalq Avtovağzalına gediş-gəlişi də asanlaşacaq.
N.Allahyarovanın sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinin qərarına əsasən 37 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar dekabrın 3-dən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək.