İQTİSADİYYAT
“3D Print Conference” Beynəlxalq konfransının başlanmasına bir həftə qalır
Bakı, 4 fevral, AZƏRTAC
“3D Print Conference” Beynəlxalq konfransının başlanmasına bir həftə qalır. Konfransda 3D çap texnologiyaları nümayiş etdiriləcək.
AZƏRTAC xəbər verir ki, fevralın 12-də Bakıdakı “Park Inn” otelində Azərbaycanda qabaqcıl üçölçülü çap və skanlama texnologiyaları ilə bağlı ilk konfrans keçiriləcək.
Tədbirdə Azərbaycan, Rusiya, Türkiyə və Tailanddan 3D texnologiyalar sahəsində ekspertlər, alimlər və sahibkarlar müasir dövrün ən inqilabi ixtiralarından biri olan 3D çap texnologiyalar barədə danışmaq üçün bir yerə toplaşacaqlar.
Konfransın proqramı biznesdə innovasiya texnologiyalarının səmərəli tətbiqi barədə çıxışları , ustad dərslərin keçirilməsini və nümayiş zonasının fəaliyyətini nəzərdə tutur.
Kofransda Anton Vedeşin (ABŞ), Alla Aspidova (Rusiya), Dmitri Postelnik (Rusiya), Furkan Bakir (Türkiyə), Tatyana Şaqova (Rusiya), Vasil Zakiyev (Rusiya), Fərhad Əmirbəyov (Azərbaycan), Emil Qansalı (Azərbaycan), Aleksandr Sosnovski (Rusiya), Lama Nyu (Tailand) kimi mütəxəssislər məruzə edəcəklər.
“3D Project” (Azərbaycan), “Inter-Technics” (Azərbaycan), “Consistent Software Distribution” (Rusiya), “Lenincraft” (Rusiya) və “PICASO 3D” (Rusiya) kimi şirkətlər 3D avadanlığın nümayiş olunacağı zonada işdirak edəcəklərini təsdiqləyiblər. Bundan əlavə, bu format çərçivəsində arzu edənlərə şəkilçəkən 3D qələmin köməyi ilə 3Doodler məkanında öz bədii şedevrini yaratmaq imkanı veriləcək.
Konfransın proqramı və biletlər barədə məlumatı www.3dprint.az. saytından öyrənmək olar.