ELM VƏ TƏHSİL
3D-printerdə çap edilmiş ilk ofis binası istifadəyə verilib
Bakı, 31 may, AZƏRTAC
Dubayda 3D-printerlərin köməyi ilə binaların inşası ilə bağlı strategiya haqqında məlumat verilib. Qeyd olunub ki, hakimiyyət tərəfindən 2030-cu ilədək Dubayda bütün binaların 25 faizinin çap edilməsi planlaşdırılır. Şəhərin mərkəzində çap edilmiş “Gələcəyin ofisi”nin açılışı bu istiqamətdə ilk addım olub.
AZƏRTAC nanonewsnet.ru saytına istinadla xəbər verir ki, detalların çap prosesinə və 250 kvadratmetr sahəyə malik birmərtəbəli binanın qurulmasına 17 gün və 140 min dollar sərf edilib. Eyni binanın ənənəvi metodlarla tikintisi üçün isə iki dəfə çox vəsait tələb olunur.
Binanın tikintisi üçün uzunluğu 36 metr, eni 12 metr olan iki mərtəbə hündürlüyündə printerdən istifadə edilib. Detallar çap olunduqdan sonra tikinti yerinə gətirilib və 17 işçidən ibarət komanda tərəfindən yığılıb. Çap edilmiş ofis elektrik enerjisi, su boruları, telekommunikasiya avadanlıqları və havanın kondisiyalaşdırılması sistemi ilə təchiz edilib.