SİYASƏT
3 SAYLI TOVUZ MƏNTƏQƏSİNDƏ AMİP-İN MÜŞAHİDƏÇİSİ OLMUŞ İSMAYIL AXUNDOVUN BƏYANATI
24 avqust referendum günü mən bir müşahidəçi kimi ümumxalq səsverməsinin gedişini izləyirdim. Müşahidəçi missiyasını yerinə yetirərkən mənə elə gəlirdi ki, bəzi müxalifət funksionerlərinin söylədikləri və bəyan etdikləri kimi guya adamlar referenduma gəlməyəcək və müxalifət partiyalarının baykot taktikası baş tutacaqdır. Seçkinin və səsvermənin yüksək əhval-ruhiyyə şəklində, demokratik şəffaf şəraitdə qanunauyğun şəkildə keçdiyini görəndən sonra mən təsəvvür eləmirəm ki, hər hansı bir vicdanlı şəxsin ağa qara deməyə dili gəlsin və ya həqiqəti dansın. Müşahidəçilik etdiyim məntəqədə adı siyahılara daxil edilmiş şəxslərdən mütləq əksəriyyəti məntəqəyə gələrək Konstitusiyaya dəyişikliyə “Hə” deməsi onu göstərir ki, Heydər Əliyev hakimiyyəti xalq tərəfindən necə sevilir və bu iqtidarın əhali arasında günü-gündən nüfuzu daha da artır.
Bütün bunlara görə mən indiyə qədər müxalifət düşərgəsində fəaliyyət göstərdiyim dövrü ömrümün hədər gedən vaxtları hesab edir və müxalifət partiyası olan Azərbaycan Milli İstiqlal Partiyasının sıralarını tərk etdiyimi bildirirəm. Mən bundan sonra bir vətəndaş olaraq Heydər Əliyevin siyasi kursunun daimi təbliğatçısı olacaq və eyni zamanda, həmin hakimiyyətin əldə etdiyi uğurların xalq arasında daha geniş izahında fəaliyyət göstərəcəyəm.
3 saylı Tovuz məntəqəsində AMİP-in müşahidəçisi olmuş – İsmayıl İslam oğlu Axundov.
Həmin məzmunda bəyanatı 87 saylı Tovuz şəhər dairəsi üzrə 7 saylı
Abulbəyli məntəqəsində Ədalət Partiyasının müşahidəçisi olmuş Mahir İslam oğlu Qarayev də imzalamışdır.
Tovuz şəhəri, 28 avqust 2002-ci il