İDMAN
AZƏRBAYCANIN İKİ ÜZGÜÇÜSÜ PEKİN YAY OLİMPİYA OYUNLARINDA İŞTİRAK EDƏCƏKDİR
Beynəlxalq Üzgüçülük Federasiyası (FİNA) Azərbaycanın iki üzgüçüsünün Pekin Yay Olimpiya Oyunlarında iştirakı üçün güzəştli kartlar vermişdir.
Azərbaycan Üzgüçülük Federasiyasından (AÜF) AZƏRTAC-a bildirmişlər ki, dördilliyin ən böyük oyunlarında ölkəmizi Tural Abbasov və Oksana Hətəmxanova təmsil edəcəkdir. Artıq bununla bağlı sənədlər AÜF-a təqdim olunmuşdur.
FİNA rəhbərliyi üzgüçülük idman növünün inkişaf etdiyi, lakin idmançıları lisenziya qazana bilməyən ölkələrə Olimpiadada bir kişi və bir qadın idmançı ilə təmsil olunmaq imkanı verir. Lakin güzəştli kartlar yalnız dünya çempionatında iştirak edən idmançılara təqdim olunur. Həm T.Abbasov, həm də O.Hətəmxanova Melbrunda keçirilmiş sonuncu dünya çempionatına qatıldığından, Pekin Olimpiadasında Azərbaycanı məhz onlar təmsil edəcəklər.