RƏSMİ XRONİKA
TAEKVONDO ÜZRƏ DÜNYA VƏ OLİMPİYA YARIŞLARININ İŞTİRAKÇISI RƏŞAD ƏHMƏDOVUN ÇIXIŞI
-Möhtərəm Prezident!
Hörmətli xanımlar və cənablar!
Bu gün mənim sevincimin həddi-hüdudu yoxdur. Artıq ikinci dəfə mən dünyanın ən böyük idman bayramı, idman yarışı olan Olimpiya oyunlarının iştirakçısına çevrilmişəm. Bu şərəfli olimpiyaçı adı heç də bütün idmançılara nəsib olmur.
Mən başa düşürəm ki, sevincimiz nə qədər böyükdürsə, məsuliyyətimiz də bir o qədər yüksəkdir. Bizim qarşımızda böyük sınaq durur.
Mən taekvondoçuyam. Azərbaycanda inkişaf etmiş idman növləri sırasında taekvondonun da özünəməxsus yeri var. Mən və digər taekvondoçularımız dünya və Avropa çempionatlarından Azərbaycana medallar gətirmişik. Çox sevinərdim ki, bu növdə ilk dəfə Olimpiya medalının sahibi olum. Belə yüksək nailiyyətlər isə təsadüflər üzərində qurulmur.
Möhtərəm cənab Prezident!
Biz idmançılar hər zaman Sizin diqqətinizi hiss etmişik. Əldə etdiyimiz nailiyyətlərimiz hər zaman mükafatlandırılmışdır. Bu, bizdə ruh yüksəkliyi yaratmış, bizə ən çətin və ən nüfuzlu yarışlarda rəqiblərimiz üzərində şanlı qələbələr qazandırmışdır. Belə qayğı və diqqətə görə bütün idmançılar adından Sizə dərin təşəkkürümü bildirirəm.
Eyni zamanda, biz idmançıların təlim-məşq toplanışlarında, Avropa və dünya çempionatlarında, ümumiyyətlə, hazırlıq prosesində iştirakını mütəmadi təmin edən Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə, Taekvondo Federasiyasına və bizim hazırlığımızda böyük zəhmət çəkən məşqçilərimizə minnətdarlıq edirəm.
Bir olimpiyaçı kimi həm öz adımdan, həm də yoldaşlarım adından söz verirəm ki, Sizin etimadınızı doğrultmaq üçün bütün qüvvəmizi səfərbər edəcək, Olimpiadada yalnız yüksək nəticələr və qələbə uğrunda mübarizə aparacağıq.
Bir daha hamıya öz təşəkkürümü bildirirəm.
Diqqətinizə görə sağ olun.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.
X X X
Afina Olimpiadasının yunan-Roma güləşi üzrə qalibi Fərid Mansurov idmançılarımızın Olimpiya andının mətnini oxudu.
“XXIX Yay Olimpiya Oyunlarında iştirak edəcək
Azərbaycan idmançılarının
Olimpiya Andı
Biz, XXIX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan idmançıları bu mötəbər yarışlarda ölkəmizin idman şərəfini ləyaqətlə qoruyacağımıza and içirik.
Dövlətimizin, xalqımızın bizə olan etimadını doğrultmaq üçün yarışlarda var gücümizlə mübarizə aparacaq, daim ölkəmizin adını uca tutacaq, əsl idman rəqabəti nümayiş etdirəcəyik.
Olimpiya oyunlarının keçirildiyi yarış meydanlarında müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağının qaldırılması, dövlət himnimizin səsləndirilməsi, doğma Vətənimizə qələbələrlə dönmək naminə sonadək əzmlə mübarizə aparacağımıza and içirik.
30 iyul 2008-ci il, Bakı şəhəri”.
X X X
Olimpiyaçılar Azərbaycanın dövlət bayrağını öpdülər.
Prezident İlham Əliyev idmançılara bir daha uğurlar arzulayaraq dedi: “Əziz idmançılar, sizə yaxşı yol arzulayıram. Pekinə doğru irəli! Qələbələrə doğru irəli!”
Dövlətimizin başçısı mərasimin sonunda idmançılarla xatirə şəkli çəkdirdi.