CƏMİYYƏT


41 min 200 ədəd aksiz markası ilə markalanmayan siqaret aşkar edilib

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları son günlərdə 4 fakt üzrə aksiz markası ilə markalanmayan, ümumilikdə 41 min 200 ədəd siqaret aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə tütün məmulatlarının qanunsuz yolla Bakı şəhərinə gətirilməsi barədə daxil olmuş məlumatlara əsasən, Naxçıvan-Bakı aviareysi ilə ayrı-ayrı vaxtlarda gələn Azərbaycan Respublikasının üç vətəndaşı nəzarətə götürülüb. Həmin şəxslər gömrük əməkdaşları tərəfindən saxlanılaraq onlara məxsus yüklər yoxlanılıb. Yoxlama zamanı, sözügedən vətəndaşlardan, ümumilikdə 3600 ədəd "Marlboro Filter Plus", 8800 ədəd "Parliament Super Slims", 10 min ədəd "Kent Nanotek 2.0" və 12 min 400 ədəd "Parliament Aqua Blue" markalı siqaretlər aşkar olunub.

Eyni məlumat əsasında Azərbaycan Respublikasının daha bir vətəndaşı isə sərnişinləri qarşılayarkən nəzarətə götürülüb. Həmin şəxs Naxçıvan-Bakı aviareysi ilə gələn sərnişinlərdən malları qəbul edib hava limanının dayanacağındakı taksi avtomobilinə yığarkən gömrük əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı avtomobilin yük yerindəki iki ədəd sellofan paketdən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 6400 ədəd "Parliament Aqua Blue" markalı siqaret aşkar olunub.

Bütün faktlarla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.