İDMAN
2008-Cİ İLDƏ ƏN YAXŞI İDMANÇILARIN, MƏŞQÇİLƏRİN, HAKİMLƏRİN VƏ İDMAN JURNALİSTLƏRİNİN ADLARI ELAN OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, dekabrın 24-də Gülüstan sarayında keçirilmiş təntənəli mərasimdə ən yaxşı idmançıların, məşqçilərin, hakimlərin və idman jurnalistlərinin adları elan olunmuşdur.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov demişdir ki, 2008-ci ildə Azərbaycan idmançıları ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən sonra rekord miqdarda - 550 medal qazanmışlar. Onlardan 137-si olimpiya, 423-ü isə qeyri-olimpiya növlərində əldə edilmişdir.
Nazir müavini cari ildə Azərbaycan idmançılarının 51 dünya, 73 Avropa və 120 beynəlxalq turnirdə iştirak etdiyini söyləmişdir. Bakı bu il 25 beynəlxalq turnirə ev sahibliyi etmişdir. Ağdam, Salyan, Oğuz, Kürdəmir, Qusar, Biləsuvar, Sabirabadda isə olimpiya kompleksləri inşa olunmuşdur. Bütün bu uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin idmançılar üçün yaratdığı şərait nəticəsində mümkün olmuşdur.
Sonra çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə 2008-ci ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu vurğulayaraq, idmançılarımızın cari ili yüksək nailiyyətlərlə başa vurduğunu söyləmişdir. Ç.Hüseynzadə bu günlərdə Milli Olimpiya Komitəsinin hesabat-seçki konfransının keçiriləcəyini söyləyərək, həmin tədbirdə son 4 ilin yekunlarının müzakirə olunacağını bildirmişdir.
Daha sonra müxtəlif nominasiyalarda fərqlənmuş idman ictimaiyyətinin nümayəndələri mükafatlandırılmışlar. Cüdo üzrə yığma komandanın çalışdırıcısı Ağayar Axundzadə ilin məşqçisi, bədii gimnastika üzrə qrup hərəkətləri komandası ilin komandası, Hicran Şərifov (güləş) ilin hakimi, “Neftçi” İdman Sağlamlıq Mərkəzi ilin idman cəmiyyəti, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ən yaxşı idman telekanalı, Gündüz Abbaszadə (ANS) ilin idman jurnalisti, Azərbaycan Güləş Federasiyası ilin federasiyası, “Trend” idman xəbərlərini işıqlandıran ilin ən yaxşı informasiya agentliyi seçilmişdir.
Nəhahət, 2008-ci ilin ən yaxşı idmançılarının adlarını isə gənclər və idman naziri Azad Rəhimov açıqlamışdır.
Cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli ilin ən yaxşı idmançısı elan olunmuşdur. Sonrakı yerləri Pekin Olimpiadasının gümüş mükafatçıları Rövşən Bayramov və Vitali Rəhimov (yunan-Roma güləşi), Pekin Olimpiadasının bürünc medalçıları Mariya Stadnik (güləş), Hetaq Qazyumov (sərbəst güləş), Şahin İmranov (boks), Mövlud Mirəliyev (cüdo), ikiqat Paralimpiya çempionu İlham Zəkiyev (cüdo), Pekin Paralimpiya Oyunlarının qızıl medalçısı Oluxan Musayev (yadro itələmə) və karate üzrə dünya çempionu Rəfael Ağayev tutmuşlar.
######