İQTİSADİYYAT
42 sığorta agentliyinin lisenziyası ləğv edilib
Bakı, 26 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının qərarına əsasən 42 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib.
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasından AZƏRTAC-a bildirilib ki, lisenziyaların ləğvinə səbəb, sığorta agentlərinin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 93.2-3-cü maddəsinin tələblərinə riayət etməyərək fiziki şəxs sığorta agenti fəaliyyəti barədə palataya rüblük hesabatlarını təqdim etməmələri olub.
Belə ki, Direktorlar Şurasının 2016-cı il sentyabrın 23-də verdiyi qərara əsasən siyahıda adları qeyd edilən şəxslər (siyahı əlavə olunur) rüblük hesabatları palataya təqdim etmədiklərinə görə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalarının qüvvəsinin 3 ay müddətinə dayandırılması barədə qərar qəbul edilib və müvafiq məktub göndərilib.
Lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən hallar həmin şəxslər tərəfindən aradan qaldırılmaması səbəbindən palata “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.2-ci maddəsini və palatanın Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq sığorta agentləri fəaliyyətinə lisenziya almış 42 nəfər fiziki şəxslərin lisenziyalarını ləğv edib.