MƏDƏNİYYƏT
AZƏRBAYCAN TƏMSİLÇİLƏRİ “EUROVİSİON-2009”UN FAVORİTİ HESAB OLUNUR
Bakı, 8 may (AZƏRTAC). Moskvada keçiriləcək “Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycanı təmisl edəcək Aysel Teymurzadə və Araş Belarus təmsilçisi Pyotr Yelfimovun müsabiqə çərçivəsində keçirilən partiyasında çıxış etmiş, ona dəstək üçün “Always” mahnısını oxumuşlar.
Tədbirin aparıcısı Ayseli “Eurovision-2009”un gözəli adlandırmışdır. Azərbaycan təmsilçiləri qonaqlar və rəqibləri tərəfindən çox isti qarşılanmışlar.
Münsiflər heyətinin sədri Filip Kirkorov Aysel və Araşın favoritlər arasında olduğunu gizlətməmiş və onlara uğurlar arzulamışdır.
Aysel və Araş jurnalistlərə müsahibələrində yarımfinala ciddi hazırlaşdıqlarını, mayın 9-da “Olimpiyskiy” İdman Kompleksində iknci məşqlərini keçirəcəklərini bildirmişlər.
Azərbaycan təmsilçiləri mayın 14-də keçiriləcək ikinci yarımfinalda 12 nömrə altında çıxış edəcəklər.