MƏDƏNİYYƏT
AYSEL TEYMURZADƏ: BİZ AZƏRBAYCAN DÖVLƏTİNİN VƏ HƏR BİR AZƏRBAYCANLININ DƏSTƏYİNİ DAİM HİSS EDİRİK
Moskva, 16 may (AZƏRTAC). Dünyanın ən nüfuzlu mahnı müsabiqələrindən biri olan “Eurovision-2009”-da Azərbaycanı təmsil edən Aysel və Araş müsabiqənin ilk günlərində olduğu kimi qələbə əzmi və nikbinliklərini itirmirlər. Məşq cədvəli gərgin olsa da, Aysel Teymurzadə AZƏRTAC-ın müxbirinə eksklüziv müsahibə verməyə imkan tapmışdır.
SUAL: Aysel, siz lap əvvəldən qələbə əzmi nümayiş etdirmisiniz, həmişə nikbin olmusunuz və qətiyyətlə müsabiqənin finalına çıxmısınız. Bu gün sizi həlledici “döyüş” gözləyir. Əhval-ruhiyyəniz necədir, milyonlarla tamaşaçının izləyəcəyi konsert ərəfəsində hansı hissləri keçirirsiniz?
- Əhval-ruhiyyəm əladır! Əlbəttə, müsabiqənin finalına çıxmağımıza çox sevinirik. İkinci yarımfinala çıxan 10 ölkə arasında adımızın birinci elan edilməsi inanılmaz idi. Əslinə qalsa, biz indi yalnız və yalnız qələbəyə köklənmişik. Bu gün Azərbaycanı layiqincə təmsil etmək üçün var qüvvəmizi əsirgəməyəcəyik.
SUAL: Azərbaycana, sizə azarkeşlik edən bütün həmvətənlərə nə demək istərdiniz?
Mən Azərbaycana və dünyadakı bütün azərbaycanlılara çox sağ olun demək istəyirəm. Mən bizi dəstəkləyənlərin, “Always” mahnısını sevənlərin hər birinə minnətdaram. Biz bu dəstəyi həqiqətən hiss edirik. “Olimpiyski” səhnəsində bütün Azərbaycanın arxamızda olduğunu hiss edirik. Arxamızdakılar bizi sevən insanlardır. Bu, bizə güc və qətiyyət verir. Biz Azərbaycan dövlətinin və hər bir azərbaycanlının dəstəyini hiss edirik. Çox sağ olun.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
######