SİYASƏT


BİRİNCİ AZƏRBAYCAN-AFRİKA EKSPEDİSİYASI UĞURLA BAŞA ÇATMIŞDIR

Bakı, 21 avqust (AZƏRTAC). Avqustun 21–də Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseynqulu Bağırov Afrikaya ilk Azərbaycan ekspedisiyasının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirmişdir.

H.Bağırov bildirmişdir ki, avqustun 11-də Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ekspedisiya qrupu Afrika Ekspedisiyası ilə birlikdə Tanzaniyanın Aruşa şəhərindən Kilimancaro dağının Uhuru zirvəsinə yürüş etmişdir. Elmi, ideoloji-siyası, idman və rəmzi əhəmiyyət daşıyan yürüş avqustun 16-da uğurla başa çatmışdır. Ekspedisiya qrupu dəniz səviyyəsindən 5895 metr yüksəkliyə qalxmışdır. 7 nəfərlik qrupun üzvləri Azərbaycan bayrağını, ulu öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” və “Azərbaycan, yeni zirvələrə doğru İlhamla irəli” sözləri yazılan vımpelləri Uhuru zirvəsinə sancmışlar.

Nazir bildirmişdir ki, yürüş zamanı ekspedisiya qrupu əvvəlcədən nəzərdə tutulan elmi tədqiqat işlərini də uğurla həyata keçirmişdir. Afrikada bir sıra bioloji və geoloji nümunələr götürülmüşdür. Gələcəkdə səfərlə bağlı kitab yazılacağı planlaşdırılır. Bizim Afrikanın Klimancaro dağını fəth etməkdə əsas məqsədimiz Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna öz töhfələrimizi vermək, dünyanı tədqiq edən xalqlar arasında azərbaycanlıların da adının səslənməsinə nail olmaq idi. Səfər təxminən 25 min manata başa gəlmişdir. Bu məbləğin bir hissəsi Qərb Universiteti, digər hissəsi isə federasiya tərəfindən ödənilmişdir.

Hava və Ekstremal İdman Növləri Federasiyasının ekspedisiyası Azərbaycanın bayrağı altında Afrikanın ən yüksək zirvəsinə qalxan ilk qrupdur.

Mətbuat konfransının gedişində yürüş zamanı çəkilən videogörüntülər nümayiş etdirilmiş, jurnalistlərin sualları cavablandırılmışdır.

######

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.