MƏDƏNİYYƏT
“Eurovision-2011”-də Azərbaycan təmsilçisi adı uğrunda mübarizə aparan beş ifaçı milli finala hazırlaşır
Bakı, 9 fevral (AZƏRTAC). Fevralın 11-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək “Eurovision-2011” milli final konsertində təmsilçilik uğrunda mübarizə aparacaq beş ifaçının hər biri 4 mahnı təqdim edəcəkdir.
Finalda təmsilçilik uğrunda mübarizə aparacaq İlhamə Qasımova AZƏRTAC-a bildirmişdir ki, qarşıdakı konsertə ciddi hazırlaşıram. O, həmçinin bir neçə gözəl geyimlə səhnəyə çıxacağını vurğulamışdır.
Milli münsiflər heyətinin peşəkarlığına inandığını diqqətə çatdıran İ. Qasımova demişdir ki, bu baxımdan rahatdır və təmsilçi adını layiqli ifaçının qazanacağına inanır.
Eldar Qasımov, İlqarə İbrahimova, Aynişan Quliyeva, Nigar Camal da final konserti ərəfəsində yorulmadan məşq etdiklərini diqqətə çatdırmışlar.