MƏDƏNİYYƏT
“Eurovision-2011”-də Azərbaycanı Nigar Camal və Eldar Qasımov təmsil edəcəklər
Bakı, 12 fevral (AZƏRTAC). Bu ilin mayında Almaniyanın Düsseldorf şəhərində təşkil olunacaq “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyənləşdirilməsi üçün fevralın 11-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 5 namizəd arasında keçirilən milli seçim turunun son konsertində finalçı məlum olmuşdur.
AZƏRTAC xəbər verir ki, Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və İlhamə Qasımovanın “Eurovision-2011”-də Azərbaycanın təmsilçisi olmaq uğrunda mübarizə apardığı konsert proqramında finalçılarla yanaşı, “Eurovision” ulduzları da çıxış etmişlər.
“Eurovision” müsabiqəsi üzrə Azərbaycanın Milli Yayım Şurası olan İctimai Televiziya və Radio Verilişləri Şirkətinin baş direktoru İsmayıl Ömərovun, Beynəlxalq Musiqi Şurası Azərbaycan milli komitəsinin prezidenti Lalə Kazımovanın, bəstəkarlar Faiq Sücəddinov və Rauf Kazımovun, Xalq Artisti Zülfiyyə Xanbabayevanın, Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə musiqi əlaqələndiricisi Zəhra Bədəlbəylinin, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyevanın təmsil olunduğu münsiflər heyətinin qərarı ilə milli seçim turunun qalibi elan olunmuş Nigar Camal və Eldar Qasımov “Eurovision-2011”-də Azərbaycanı təmsil edəcəklər. Onlar müsabiqədə duet ifa ilə çıxış edəcəklər.
Mətbuat konfransında çıxış edən İsmayıl Ömərov bildirmişdir ki, layihə çərçivəsində bir neçə seçim turu keçirilmişdir. Seçim turlarında iştirak edən 70-dən artıq gənc musiqiçinin ifası qiymətləndirildikdən sonra onlardan 5 nəfəri milli müsabiqənin finalına vəsiqə qazanmışdır. Bu gün bu sənət yarışında qalib gəlmiş Nigar Camal və Eldar Qasımovdan “Eurovision-2011”-də uğurlu nəticə gözləyirik.
Sonra finala çıxmış ifaçılar jurnalistləri maraqlandıran sualları cavablandırmışlar.
Qeyd edək ki, Düsseldorf şəhərindəki “Fortuna Arena”da təşkil ediləcək “Eurovision-2011” müsabiqəsinin yarımfinalları mayın 10-u və 12-də, finalı isə 14-də keçiriləcəkdir. Ümumilikdə builki müsabiqədə 43 ölkə təmsil olunacaqdır. “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan mayın 10-da keçiriləcək I yarımfinalda çıxış edəcəkdir.
######