CƏMİYYƏT
Ermənilər Azərbaycanın musiqi beşiyi sayılan Şuşanın füsunkar təbiətini və tarixi abidələrini talan etmişlər
Bakı, 6 may (AZƏRTAC). Şuşa şəhərinin işğalından 19 il keçir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ərazisinin 20 faizini meşələr təşkil edən şəhərin ümumi sahəsi 29 min 356 hektardır. Şəhərin ətrafındakı meşə və dərələrdə müalicə əhəmiyyətli mineral sular, dərman bitkiləri və çiçəklər geniş yayılmışdır. Ən iri mineral su bulaqları Turşsu və Şırlandır. 1988-ci ildə Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün təşkil edilən 450 hektarlıq Daşaltı Dövlət Təbiət Yasaqlığını ermənilər tamamilə məhv etmişlər. “Haça yal” adlanan sahədə əkilmiş və uzun illər becərilmiş 1500-2000 palıd ağacı doğranılıb aparılmışdır.
ETSN-in “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i videoçəkilişlərə baxaraq, təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair yeni faktlar aşkarlamışdır. Məlum olmuşdur ki, yanacaq kimi Qarabağ meşələrinin nadir çoxillik ağaclarından istifadə olunmuş, Topxana meşəsinin qoruq zonasında inşaat işləri aparılmışdır. Şəhərdə 200-ə yaxın müxtəlif növ iri diametrli çoxillik ağaclar, Zarıslı kəndində isə bütün ağaclar, o cümlədən məktəb həyətində olan dekorativ və meyvə ağacları kəsilmişdir.
Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən 1365 m hündürlükdə yerləşən Titon yaşlı əhəng daşlarından ibarət uzunluğu 114 metr olan “Xan Mağarası” amansızlıqla məhv edilmişdir.