İDMAN
Sərbəst və qadın güləşçilərin Dünya çempionatı üçün heyəti açıqlandı
Bakı, 6 sentyabr (AZƏRTAC). Sentyabrın 12-dən 18-dək İstanbulda güləş üzrə dünya çempionatı yarışları keçiriləcək. Qeyd edək ki, çempionatda ilk 6 yeri tutan idmançılar 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya oyunlarına lisenziya qazanacaqlar. Sentyabrın 6-da Azərbaycan Güləş Federasiyasının birinçi vitse-prezidenti Namiq Əliyevin iştirakı ilə çempionata yollanacaq sərbəst və qadın güləşi üzrə yığma komandaların heyəti açıqlanmışdır.
İstanbula Mariya Stadnik (48 kq), Patimat Baqomedova (51 kq), Yuliya Ratkeviç (55 kq), Sona Əhmədli (59 kq), Gözəl Zutova (63 kq), Nadya Sementsova (67 kq) və Dina İvanova (72 kq) yollanacaq.
Xatırladaq ki, qadın güləşçilərin mübarizəsində yalnız 48, 55, 63 və 72 kq çəki dərəcələrində Olimpiya Oyunlarına lisenziya qazanmaq mümkündür.
Sərbəst güləş üzrə yığma komandanın heyəti də artıq dəqiqləşmişdir. Dünya çempionatında ölkəmizi Mahmud Məhəmmədov (55 kq), Zəlimxan Hüseynov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (96 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) təmsil edəcəklər.