ORDU
5 avqust – Azərbaycan Hərbi Dəniz Donanması Günüdür
Bakı, 5 avqust (AZƏRTAC, Məhərrəm Əlioğlu). Avqustun 5-i ölkəmizdə Hərbi Dəniz Donanması Günüdür.
AZƏRTAC xəbər verir ki, 1918-ci ildə yaradılan Azərbaycan Hərbi Dəniz Donanmasına “Qars”, “Ərdahan” qayıqları, “Astrabad”, “Göytəpə” poçt gəmiləri, “Araz” hidroqrafik gəmisi və “Bayıl” liman daşıyıcı gəmisi daxil idi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra donanma Sovet Azərbaycanının Qırmızı Donanması adlandırılmış, 1920-ci ilin yayında isə Xəzər Dəniz Qüvvələrinin tərkibinə daxil edilmişdi.
Azərbaycan milli hərbi dəniz qüvvələrinin yeni tarixi isə 1992-ci ildə keçmiş SSRİ Hərbi Dəniz Donanmasının Qırmızı Bayraqlı Xəzər Donanmasının bir hissəsinin Azərbaycana verilməsi ilə başlayıb. Bu sahədə peşəkar milli kadrların müstəqil Azərbaycana gətirilməsində, yeni kadrlar yetişdirilməsində, donanmanın maddi-texniki bazasının möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub.
İndi Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kadr təminatını Ali Hərbi Dənizçilik Məktəbi həyata keçirir. Məktəb 1999-cu ildən etibarən NATO standartlarına uyğun tədris proqramına uyğun olaraq 5 hərbi ixtisas üzrə zabit kadrlar hazırlayır.
Azərbaycanın hərbi donanması 2000-ci ildən geniş hərbi təlimlərdə iştirak edir. Bu təlimlər hərbçilərimizin peşəkarlığını artırmaqla yanaşı, donanmanın gücünü bütün dünyaya nümayiş etdirir. Azərbaycanın hərbi dəniz donanması hazırda ən müasir hərbi texnika ilə təchiz olunub.
Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun, o cümlədən Hərbi Dəniz Qüvvələrinin daha da gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, gündən-günə qüdrətlənən Azərbaycan Ordusu və onun Hərbi Dəniz Qüvvələri ölkəmizə qarşı yönələn hər hansı bir həmləni dəf etməyə qadirdir.