REGİONLAR


68 yaşlı mingəçevirli velosipedçinin növbəti səyahət istiqaməti – Çin səddi VİDEO

A+ A

Mingəçevir, 10 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Mingəçevir sakini olan 68 yaşlı təqaüdçü velosipedlə 3000 kilometr məsafəni 70 günə qət edib.

AZƏRTAC xəbər verir ki, vaxtilə pedaqoq işləyən Abid İsmayılov artıq üçüncü ildir velosipedlə səyahət edir. 1948-ci il təvəllüdlü velosipedçi sonuncu dəfə Mingəçevir-Rusiya-Gürcüstan marşrutu üzrə səyahətə çıxıb. Zəruri vasitələri özü ilə götürən həvəskar velosipedçi mayın 29-da Mingəçevirdən səyahətə başlayıb, Samur keçid məntəqəsindən Dağıstana keçib, Çeçenistan və İnquşetiya ərazilərində olub. O, marşrutla hərəkət edərək Krasnodar, Novorossiysk şəhərlərini keçib, Soçiyə çatıb. Oradan gəmi vasitəsilə Gürcüstanın Batumi şəhərinə gedib. Daha sonra Gürcüstanın bir neçə şəhərindən keçərək Vətənə qayıdıb.

Yetmiş gün ərzində velosipedlə 3000 kilometr məsafə qət edən velosipedçinin sözlərinə görə, yolboyu onu hər kəs xoş qarşılayıb, qonaq dəvət ediblər.

O, bundan əvvəlki illərdə Türkiyə və İrana da veloturist kimi səfərə çıxıb. Maraqlısı odur ki, uşaqlıqda və gənc yaşlarında Abid İsmayılovun velosiped sürməyə heç həvəsi də olmayıb. Cəmi bir neçə ildir ki, velosiped sürməyi öyrənib. Əzmkarlığı və inanılmaz istəyi bu nailiyyətləri əldə etməsinə gətirib çıxarıb. Abid İsmayılov sağlam həyat tərzini və idmanın insan həyatı üçün vacibliyini əsas tutur. O, gələcəkdə digər ölkələrə də səyahət etməyi düşünür. Ahıl yaşında olmasına baxmayaraq, növbəti səyahətində Çin səddinədək getməyi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.