İQTİSADİYYAT
6 və 65 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib
Bakı, 15 aprel, Elvin Camalov, AZƏRTAC
Paytaxtın Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsindən Azneft meydanınadək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar həmin yoldan keçən 6 və 65 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, dəyişikliyə əsasən aprelin 15-dən təmir işləri bitənədək 6 nömrəli marşrut üzrə avtobuslar Bayıl istiqamətinə Şeyx Şamil, İstiqlaliyyət, Əziz Əliyev küçələri, Neftçilər prospekti, Azneft dairəsi ilə gedəcək. Bayıldan “Azadlıq prospekti” metro stansiyası istiqamətinə hərəkət edərkən isə Azneft meydanı, Niyazi, İstiqlaliyyət, Bünyad Sərdarov, Həsən Seyidzadə, N.Nərimanov, M.Müşviq küçələri əvəzinə Azneft meydanı, Neftçilər prospekti, Rəşid Behbudov, Fizuli, Şıxəli Qurbanov, Zivər bəy Əhmədbəyov, Qurban Xəlilov, Bakıxanov küçələri, İnşaatçılar prospekti, Landau, M.Müşviq küçələrindən keçən xətt üzrə hərəkət etməsi nəzərdə tutulur.
M.Ağayevin sözlərinə görə, 65 nömrəli marşrut xətti üzrə isə avtobuslar Şeyx Şamil küçəsindən sol istiqamətdə İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinə hərəkət edəcəklər.