DÜNYA
70 il öncə Çexoslovakiya ölkənin alman əhalisini vətəndaşlıqdan məhrum edib
Praqa, 3 avqust, AZƏRTAC
70 il əvvəl Çexoslovakiya Prezidenti Edvard Beneşin ölkəni müharibədən sonra bərpa etməyə çağıran dekretlərindən biri imzalanıb. Avqustun 2-də E.Beneş alman və macarların vətəndaşlıqdan məhrum edilməsi haqqında dekret imzalayıb. Bu barədə dekretdə yazılıb: “Çexoslovakiyanın alman və ya macar vətəndaşları işğalçı hakimiyyət orqanlarının sərəncamına əsasən Almaniya və Macarıstan vətəndaşlığı aldığı gündən Çexoslovakiya vətəndaşlığı hüququnu itiriblər”.
Əslində bu şərt Çexoslovakiyada yaşayan alman və macarların böyük əksəriyyətinə, o cümlədən Sudet (1938-1945-ci illərdə Almaniya reyxinin vətəndaşı olanlara və onun ərazisində yaşayanlara) ərazisinin, Bogemiya və Moraviya (Hitlerin 1939-cu il 16 mart tarixli fərmanı ilə onlara reyx vətəndaşlığı verilib) protektoratının almanlarına, habelə 1938-ci ildə birinci Vyana arbitrajına əsasən Slovakiyanın Macarıstana verilmiş rayonlarının macarlarına aid edilirdi. Prezident Edvard Beneşin bu dekreti mahiyyətcə almanların ölkə ərazisində deportasiyası kampaniyasını başlayıb. Onun digər dekretinə əsasən almanların, macarların və “çex və slovak xalqlarının düşmənləri” adlandırılanların əmlakı müsadirə edilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa