ELM VƏ TƏHSİL
“75 məktəb” layihəsi çərçivəsində maarifləndirici görüş
Bakı, 15 fevral, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə “75 məktəb” layihəsi çərçivəsində 233 nömrəli tam orta məktəbdə ilk maarifləndirici görüş keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, görüşün əsas məqsədi müəllimləri 2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin yeni model əsasında həyata keçirilməsi barədə məlumatlandırmaqdır.
Görüşdə IX siniflərdə Azərbaycan dili və riyaziyyat fənlərini tədris edən müəllimlərə mütəxəssislər tərəfindən yeni imtahan qaydaları, standartların təhlili, açıq suallarla işləmək texnikası və qiymətləndirilməsi, strategiyalı oxu, mətn üzərində iş və riyaziyyat fənni üzrə müəyyənləşdirilmiş beş məzmun xətti üzrə 12 əsas standartın reallaşdırılması istiqamətində tövsiyələr verilib.
“Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “75 məktəb” layihəsinin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı və təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması kimi dəyərlərin təbliğidir.