REGİONLAR
“Yardımlı rayonunda məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi başa çatdı
AZƏRTAC xəbər verir ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçirilən layihənin məqsədi Yardımlı şəhər 1 nömrəli və Köryədi kənd tam orta məktəblərində yeni sanitar qovşağı tikməklə şagird və müəllimlər üçün gigiyenik şəraiti yaxşılaşdırmaqdır.
Yaponiyanın Azərbaycandakı səfirliyinin UNİCEF, “Kolqeyt-Palmolive” şirkəti, yerli icra hakimiyyəti və yerli QHT ilə birgə həyata keçirdiyi layihənin ümumi məbləği 120 min 850 ABŞ dolları təşkil edir.
Mərasimdə çıxış edən “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyev, UNİCEF-in Azərbaycandakı nümayəndəsi Andro Shilakadze, “Golgete-Palmalive” şirkətinin nümayəndəsi Tərlan Hüseynov birgə əməkdaşlıq nəticəsində həyata keçirilən layihənin icrası barədə məlumat verdilər.
Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi layihənin başa çatması ilə bağlı tərəfdaşları təbrik etdi. Yaponiyanın da Yardımlı rayonu kimi dağlıq ərazidə yerləşdiyini diqqətə çatdıran diplomat bu diyarın təbii gözəlliyindən zövq aldığını, bir daha buraya səfərə gələcəyinə ümid etdiyini bildirdi. Tsuquo Takahaşi səfirliyin Azərbaycan xalqının gündəlik həyatlarının yaxşılaşdırılmasına töhfəsini davam etdirəcəyini, Yaponiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylərini daha da artıracağını söylədi.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ölkəmizdə yerli əhəmiyyətli sosial layihələrin həyata keçirilməsinə verilən dəstəyə görə Yaponiya hökumətinə minnətdarlığını bildirdi.
Mərasim iştirakçıları hər iki məktəbdə inşa edilmiş sanitar qovşaqları ilə tanış olduqdan sonra rayon idmançılarının yapon idman növləri üzrə nümunəvi çıxışlarına baxdılar.