REGİONLAR
79 saylı İmişli seçki dairəsində referenduma hazırlıq işləri başa çatıb
İmişli, 20 sentyabr, Mahir Babayev, AZƏRTAC
İmişlidə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin olunan ümumxalq səsverməsinə (referenduma) hazırlıq işləri başa çatıb.
AZƏRTAC xəbər verir ki, 79 saylı İmişli seçki dairəsində 43 seçki məntəqəsi təşkil edilib. Seçici siyahıları dəqiqləşdirilib və 40 min 325 seçicinin adı siyahıya daxil edilib. Dairə üzrə ümumxalq səsverməsində 286 gənc ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Səsvermə günü yaşı 100-dən yuxarı 2 seçici səsvermədə iştirak edəcək. Dairənin əhatə etdiyi bütün məntəqələr zəruri texniki və metodik vasitələrlə, elektrik enerjisi, rabitə və yanğın təhlükəsizliyi ilə təchiz olunub. Maarifləndirici plakatlar və seçici siyahıları məntəqələrdə hamının tanış ola biləcəyi yerlərdən asılıb. Seçicilərin ümumxalq səsvermə günü öz mövqelərini sərbəst şəkildə bildirilməsi üçün məntəqələrdə kabinələr qoyulub. Dairə və məntəqələrdə seçki komissiyası üzvlərinin maarifləndirilməsi və səriştələrinin artırılması üçün lazımi işlər aparılır.
Dairənin nəzdində fəaliyyət göstərən 3 saylı məntəqənin sədri Akif Mövsümov AZƏRTAC-a bildirib ki, məntəqədə ümumxalq səsverməsinə hazırlıq işləri artıq başa çatıb. Seçki günü seçicilərin sərbəst səs vermələri və komissiya üzvlərinin normal fəaliyyətləri üçün məntəqədə bütün imkanlar yaradılıb. Hazırda bildirişlərin 97 faizindən çoxu seçicilərə paylanılıb və yaxın iki gün ərzində bu iş tam yekunlaşacaq.
Qeyd edək ki, İmişlidə 79 saylı seçki dairəsindən əlavə, 80 saylı İmişli-Beyləqan seçki dairəsi də fəaliyyət göstərir və hər iki dairə üzrə 82 min 470 seçici var.