|
1930-cu il. Məşhur rəssam, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Toğrul Nərimanbəyovun doğum günü (1930-2013). Mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələnir. İnsanların daxili aləminin ən incə çalarlarınadək təsvirini verən portretləri bu janrda yaradılmış əsərlər içərisində öz orijinallığı, bədii forma kamilliyi və novatorluğu ilə seçilir. Toğrul Nərimanbəyovun portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi lövhələr müasir Azərbaycan rəssamlığının qiymətli əsərləri olaraq dünyanın mötəbər sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində nümayiş etdirilir. |