REGİONLAR
Sumqayıt Dövlət Universitetində “Bakı-2015” Avropa Oyunlarında könüllülər üçün təqdimat
Sumqayıt, 5 dekabr, AZƏRTAC
Sumqayıt Dövlət Universitetinin (SDU) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə ali və orta ixtisas təhsili müəssisələrində “Bakı-2015” ilk Avropa Oyunlarına həsr edilmiş təqdimat və sorğu keçirilib.
Məqsəd bu böyük idman tədbirinə, eyni zamanda, onun açılış və bağlanış mərasiminə könüllülər cəlb etmək, könüllülərin qeydiyyatdan keçməsi zamanı meydana çıxa biləcək çətinliklərə aydınlıq gətirmək, mövzu ilə bağlı tələbələri maraqlandıran sualları cavablandırmaqdır.
SDU- nun mətbuat xidmətindən AZƏRTAC –a bildirilib ki, tədbirdə çıxış edənlər bu böyük idman bayramının - Avropa Oyunlarının ilk dəfə Bakıda keçirilməsini mühüm tarixi hadisə, ölkəmizin böyük uğuru kimi qiymətləndiriblər. Bu xəbərin cəmiyyətdə də böyük sevinc hissi ilə qarşılandığı vurğulanıb. Bildirilib ki, Azərbaycan bu gün dünyada və Avropada idman sahəsində də güclü dövlət kimi tanınır. Bizim uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür, bunlarla yanaşı Azərbaycanda, Bakıda yaradılmış müasir idman infrastrukturu da nailiyyətlərimizi tamamlayır. Buraya ölkəmizdə keçirilmiş dünya, Avropa çempionatlarını əlavə etsək, görərik ki, doğrudan da Azərbaycanda idman uğurla, sürətlə inkişaf edir. Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir.
Təqdimat mərasimində “Five Currents” şirkətinin kast - meneceri Nikoletta Corradin (İtaliya) qeyd edib ki, 2015-ci ilin iyun ayının 12-də başlanacaq Avropa Oyunlarının açılış və bağlanışı üçün 6 min könüllü tələbənin iştirakını təmin edəcəyik. Bu iştirakçılar Azərbaycan ali təhsil ocaqlarının tələbələri olacaq. Biz bu təqdimatı artıq 20 ali təhsil ocağında keçirmişik. Bizim istəyimiz və məqsədimiz Azərbaycanın bugünkü uğuru hesab etdiyimiz “Bakı-2015” Avropa Oyunlarında Sumqayıt Dövlət Universitetinin tələbələrini də öz aramızda görməkdir.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Şəmsi Gülverdi bildirib ki, əgər əvvəllər Avropa Oyunlarının vətəni Afina sayılırdısa, indi isə Azərbaycandır. Biz tələbə gənclər təşkilatları bu oyunda fəal iştirak etməli, Azərbaycan gəncliyinin nəyə qadir olduğunu öz qələbələrimizlə göstərməliyik.
Sonda “Bakı-2015” Avropa Oyunları ilə bağlı slayd nümayiş etdirilib.