REGİONLAR
Abşeron rayonunda Heydər Əliyevin anma mərasimində gürcü qonaqlar da iştirak edib
Xırdalan, 14 dekabr, AZƏRTAC
Respublika Şəhid, Əlil və Veteranlar Birliyi ilə Gürcüstan Veteranlarının Hüquqlarının Müdafiəsi Assosiasiyası Abşeron rayonunda Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirib.
Birliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə ki, anım mərasimi iştirakçıları əvvəlcə Xırdalan şəhərində yerləşən Ulu Öndərin abidəsi önünə əklil və gül dəstələri qoyaraq, Ümummilli Liderin xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin inkişafı naminə gördüyü misilsiz xidmətlərindən danışılıb. Bildirilib ki, Heydər Əliyev əbədiyaşarlıq haqqını əvəzsiz tarixi xidmətləri ilə qazanan şəxsiyyətlərdəndir.
Vurğulandı ki, Heydər Əliyev veteranlara, şəhid ailələrinə, Qarabağ əlillərinə daim diqqət və qayğı göstərib və siyasət bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Gürcüstan Veteranlarının Hüquqlarının Müdafiəsi Assosiasiyasının sədri ehtiyatda olan polkovnik Daredjan Quqeşaşvili bildirdi ki, məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs nəticəsində bu gün iki dost xalq arasında münasibətlərin bünövrəsi qoyulub. O qeyd etdi ki, xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət Heydər Əliyev şəxsiyyətinin özünəxas çalarları idi və bu dahi insan hər kəsin yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb.
Tədbirin sonunda Şəhid, Əlil və Veteranlar Birliyi adından gürcü qonaqlara Abşeron rayonunda aparılan quruculuq və abadlıq işlərini özündə əks etdirən kitablar təqdim edildi.