REGİONLAR
Sumqayıt məktəbliləri hərbi vətənpərvərlik ruhunda tərbiyə olunur
Sumqayıt, 20 dekabr, AZƏRTAC
Sumqayıtın ümumtəhsil müəssisələrində şagirdlərə hərbi vətənpərvərlik hissinin aşılanması məqsədilə gənclərin çağırışaqədərki hərbi hazırlıq fənnindən “Atəş hazırlığı” mövzusunda açıq dərs keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhərdəki Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbdə X sinif şagirdləri üçün “Atəş hazırlığı” fənnindən açıq dərs keçirilib.
Tədbirdə Təhsil Nazirliyini, şəhər icra hakimiyyətini, Təhsil Problemləri İnstitutunu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər şöbəsini təmsil edən nümayəndələr, Qarabağ müharibəsi əlilləri, veteranlar, şəhər məktəblərinin direktorları iştirak ediblər.
Tədbirdə bildirilib ki, müharibə şəraitində yaşayan bir dövlətin güclü orduya malik olması vacib şərtdir və Azərbaycanın belə bir vəziyyətdə olması gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasını labüd edir. Gənclərə milli ruhun aşılanması prosesi hələ körpə yaşlarından həyata keçirilməli, məktəblərdə davam etdirilməli və təkmilləşdirilməlidir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan dövlətinin gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Sonra dərsin əyani hissəsi başlayıb. Gənclərin çağırışaqədərki hərbi hazırlıq fənninin bir bölümü olan atəş hazırlığı dərsinin əsas əhəmiyyəti - atəşin əsasları haqqında uşaqlara məlumat verilib. Qeyd edilib ki, bu dərs şagirdlərə pnevmatik silahların və Kalaşnikov avtomatının vasitəsilə öyrədilir. Burada əsasən avtomatik silahların iş prinsipi, hissə və mexanizmlərin işi, eləcə də atəş qaydaları izah edilib. Bildirilib ki, atəş hazırlığı dərsi 4 təlim nöqtəsindən ibarətdir.
Birinci təlim nöqtəsində avtomatın hissə və mexanizmləri, ikinci təlim nöqtəsində avtomatın natamam sökülüb yığılması və darağın doldurulub boşaldılması, üçüncüdə atəş, dördüncü təlim nöqtəsində isə pnevmatik silahlardan praktik atəş tapşırığının yerinə yetirilməsi öyrədilib və bununla da tapşırıq bitir.
Sonra müəllim qiymətləndirmə aparıb təlim nöqtələrində hansı manqanın fəallığı və 3 mərmidən neçəsinin hədəfə dəyməsi barədə şagirdlərə məlumat verilib.
Gənclər belə tədbirlərin keçirilməsini onlarda vətənpərvərlik ruhunun daha da yüksəlməsini və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hər an əmri ilə döyüşə hazır olmalarını bildiriblər.
Açıq dərs şagirdlərin suallarının hərbi rəhbər tərəfindən ətraflı cavablandırılması ilə yekunlaşıb.