REGİONLAR
Sumqayıtda “Açıq qapı” günü və hüquqi maarifləndirmə tədbiri keçiriləcək
Bakı, 24 dekabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi dekabrın 25-də Sumqayıt şəhərində vətəndaşlar və media nümayəndələri üçün “Açıq qapı” günü və hüquqi maarifləndirmə tədbiri keçirəcəkdir.
Əmlak Məsələləri Dövlət Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, “Açıq qapı” gününün təşkilinin başlıca məqsədi ictimaiyyəti müasir əsaslarla qurulmuş daşınmaz əmlakın qeydiyyatı prosesi, günün tələblərinə cavab verən xidmət şəraiti ilə yaxından tanış etməkdir. Eyni zamanda, vətəndaşlara qeydiyyatla bağlı hüquqi prosedurları əyani çatdırmaq, yaradılmış rahat və müasir xidmətləri nümayiş etdirməkdir.
Həmin gün, həmçinin Sumqayıt şəhəri, Siyəzən və Xızı rayonları üzrə aidiyyəti dövlət qurumları və ictimai təşkilatların, bələdiyyələrin, əmlak bazarı iştirakçıları, notariat orqanlarının nümayəndələri üçün daşınmaz əmlakın qeydiyyat və kadastrı ilə bağlı hüquqi maarifləndirmə seminarı da keçiriləcəkdir.
Tədbir Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsində keçiriləcəkdir. Ünvan: Sumqayıt şəhəri, Koroğlu prospekti, 42-ci məhəllə.