REGİONLAR
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yeni uşaq bağçası açılıb
Xırdalan, 24 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində 2 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, 120 yerlik körpələr evi-uşaq bağçasının açılış mərasimində çıxış edənlər böyüməkdə olan nəslin fiziki və zehni inkişafına göstərdikləri gündəlik diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Açılış mərasimindən sonra bağça ilə tanışlıq olub. Binanın birinci mərtəbəsinin foyesində xalqımızın ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin uşaqlara qayğılarını əks etdirən fotoguşələr yaradılıb.
Bağçada 2 yaşından 6 yaşınadək olan uşaqlara təhsilin ilkin mərhələsi ilə yanaşı, rus və ingilis dilləri də tədris ediləcək. Uşaqlara burada rəqs və musiqi də öyrədiləcək.
Yaşlarına müvafiq olaraq 6 qrupa bölünən uşaqların tərbiyəsi ilə 12 müəllim və 1 musiqi rəhbəri məşğul olacaq.
Otaqlardakı ekoloji cəhətdən təmiz materiallardan hazırlanan yataq dəstləri, oyuncaqlar və dərs ləvazimatları bütün sanitar-gigiyenik norma və standartlara cavab verir.
Bağça ilə tanışlıq zamanı balacalar öz sevinclərini gizlətməyiblər. Onlar bir-birindən gözəl şeirlər, rəngarəng musiqi nömrələri səsləndiriblər.