SİYASƏT


Belqradda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib VİDEO

Belqrad, 27 dekabr, AZƏRTAC

Ölkəmizin Serbiyadakı səfirliyi Belqradda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə tədbir keçirib. Tədbirdə Serbiyanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, nüfuzlu ictimai, siyasi və mədəniyyət xadimləri, ziyalılar, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri, “Azvirt” şirkətinin rəhbərliyi, Azərbaycan icmasının üzvləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Əvvəlcə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına ünvanlanmış müraciəti oxunub.

Səfir Eldar Həsənov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan xalqının həmrəyliyinə və milli birliyinə yönəlmiş siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xarici ölkələrdə, o cümlədən Serbiyada təhsil alan və işləyən azərbaycanlılar Azərbaycan dövlətinin qayğısını və dəstəyini daim hiss edirlər. Həyata keçirilən düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycanda sürətli inkişaf prosesi gedir, xalqımızın rifahı və ölkəmizdə əmin-amanlıq təmin olunur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan E.Həsənov problemin həlli istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə tədbir iştirakçılarına məlumat verib. Səfir 2015-ci ildə ATƏT-ə sədrlik edəcək Serbiyanın Minsk qrupunun fəaliyyətinin canlandırılmasına töhfə verəcəyinə, eləcə də ölkəmizin ədalətli mövqeyinə obyektiv yanaşacağına ümidvar olduğunu vurğulayıb.

Mərasimdə səfirliyin 2014-cü ildə həyata keçirdiyi tədbirlərdən, növbəti ildə qarşıda duran vəzifələrdən bəhs olunub. Həmçinin Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının fəaliyyəti, iki ölkə arasında dostluq, əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində müvafiq qurumların xidmətləri yüksək qiymətləndirilib.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.