ELM VƏ TƏHSİL
Əlyazmalar İnstitutu qiymətli əlyazmaların surətlərini əldə edib
Bakı, 6 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Paşa Kərimov XV- XVI əsrlərdə yaşamış Azərbaycan şairi Sürurinin şeirlər toplusu-divanının İstanbulun Süleymaniyyə və Manisa şəhər kitabxanalarında saxlanan əlyazmalarının surətlərini əldə edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, son dövrlərədək bu görkəmli hürufi şairinin divanı əldə yox idi. 2013-cü ildə tədqiqatçı Sürurinin Vatikanın Apostol kitabxanasında saxlanan 931 beyt həcmində anadilli divanı barədə ətraflı məlumat verib. Şairin surəti yeni əldə edilmiş, Süleymaniyyə kitabxanasında saxlanan divanı 667 beytdən ibarətdir. Buraya 90 qəzəl, üç mürəbbe daxildir.
Manisa nüsxəsi məcmuədir, buraya Sürurinin Azərbaycan dilində şeirləri ilə yanaşı, Nəsiminin və Nur Seyid Əli adlı şairin farsca şeirləri daxildir. Katib qeydindən 25 vərəqə köçürülmüş əsərin 1570-ci ildə köçürüldüyü məlum olur.
Sürurinin surətləri yeni əldə edilən divanlarında onun bir çox naməlum əsərləri, o cümlədən, Şah İsmayıl Xətaiyə həsr edilən mürəbbesi vardır.