İQTİSADİYYAT


“AzVirt” MMC Serbiya və Rumıniyada magistral yolların tikintisində iştirak edir

Bakı, 28 yanvar, AZƏRTAC 

“AzVirt” MMC hazırda Serbiya və Rumıniyada öz filiallarını acıb və bu ölkələrdə magistral yolların tikintisi üzrə layihələrdə iştirak edir.

Bu barədə AZƏRTAC-a layihəni icra edən “AzVirt” MMC-nin texniki-iqtisadiyyat şöbəsinin rəisi Nəriman Nağıyev bildirib.

O qeyd edib ki, Serbiyanın mərkəzi hissəsindən – Sumadija və Ostruznica regionlarından keçərək Pozegaya uzanan Belqrad-Cənubi Adriatik avtomobil yolu Serbiya və Monteneqro arasında əlaqələndirici və həmçinin Belqradı və onun ətraf ərazilərini Cənubi Adriatik avtomobil yolu ilə birləşdirən ən qısa yol rolunu oynayır.

Yolun ümumi uzunluğu 40,4 kilometr, hərəkət zolaqlarının sayı 4 olacaqdır. Bu layihə çərçivəsində 65 körpünün və yolötürücülərinin tikintisi nəzərdə tutulub.

Rumıniyada Buxarest dairəvi yolunun yenidən qurulması və tikintisi işlərinin davam etdirildiyini söyləyən şirkət rəsmisi bu dairəvi yolun Buxarest şəhərinin şimal-qərbində yerləşdiyini, Buxarestin ətrafından və İlfov bölgəsinin yaxınlığından keçdiyini bildirib.

“Buxarest dairəvi yolunun yenidən qurulması layihəsi yolda nəqliyyatın hərəkət şəraitinin yaxşılaşdırılması üçün həyata keçiriləcək işləri əhatə edir. Buraya hazırkı 2 hərəkət zolaqlı yolu 4 hərəkət zolaqlı yola çevirmək, nəqliyyat vasitələrinin sürətini artırmaq, drenaj sistemlərinin dəyişdirilməsi, ətraf mühitin təhlükəsizliyinin təmin olunması işlərinin görülməsi daxildir.

Onun sözlərinə görə, bu obyektlər vaxtında və keyfiyyətlə tikilib istifadəyə veriləcək.

“AzVirt” MMC icra etdiyi layihələrdə müasir texnologiyaları uğurla tətbiq edir. Şirkətin bu sahədəki fəaliyyətindən söz açan N.Nağıyev təmsil etdiyi qurumun Azərbaycanda ilk dəfə olaraq, qırmadaş-mastikalı və polimerli asfalt-beton qarışığından istifadə etdiyini və körpülərdə müasir səs izolyasiyası sistemi quraşdırdığını açıqlayıb. Onun sözlərinə görə, “AzVirt” istehsal edilən asfalt-betonun tərkibində aktivləşdirilmiş mineral tozlardan istifadə edən yeganə şirkətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.