ELM VƏ TƏHSİL
“Dilə münasibət Vətənə sevgidir” mövzusunda mühazirə
Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva Abşeron rayonundakı Heydər Əliyev Mərkəzində “Dilə münasibət Vətənə sevgidir” mövzusunda mühazirə oxuyub.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə S.Əliyeva ümummilli lider Heydər Əliyevin “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir” sözlərini xatırladaraq 21 fevral – Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən danışıb.
Mühazirəçi Azərbaycanda olan müxtəlif xidmət və iaşə obyektlərinin adları ilə bağlı aparılan araşdırmaların nəticələri barədə məlumat verib, sualları cavablandırıb.
Sonra məktəblilər ana dilinə həsr olunan şeirlər söyləyiblər.
Tədbirdə Abşeron rayonunun ziyalıları, məktəb direktorları, Azərbaycan dili və ədəbiyyatı müəllimləri, məktəblilər iştirak ediblər.