QAN YADDAŞI
“The Times of Israel” qəzeti Xocalı soyqırımı ilə bağlı məqalə yayıb
Bakı, 23 fevral AZƏRTAC
Beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert, Hayfa Universitetinin doktorantı Arye Qutun məşhur “The Times of Israel” qəzetində Xocalı soyqırımı ilə bağlı məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, müəllif bu yaxınlarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə keçirilən, bəşər tarixinin ən dəhşətli qətliamlarından olan Xocalı və Holokost faciələrinə həsr olunan beynəlxalq konfransda iştirakından bəhs edir.
Konfransda azərbaycanlı dostlarının faşistlər tərəfindən İsrail xalqına qarşı törədilən faciəni pislədiklərini qeyd edən müəllif 1933-cü ildə Avropada yəhudi əhalisinin sayının doqquz milyon olduğunu, 1945-ci ildə isə hər üç yəhudidən ikisinin qətlə yetirildiyini bildirir. Müəllif yazır: “Konfrans zamanı azərbaycanlıların bu faciəni özlərininki kimi qəbul etdiklərini hiss etdim. İsrail vətəndaşı kimi mənə aydın oldu ki, tolerantlıq Azərbaycan rəhbərliyinin siyasətinin ayrılmaz tərkib hissəsidir. O da aydındır ki, Azərbaycanda sülh şəraitində yaşayan müsəlmanlar və yəhudilər ortaq tarixi və taleləri olan qardaşlardır”.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin yəhudi icmasına müraciətindən fikirlərə də yer verilir.
Müəllif İsrail Prezidenti Reuven Rivlinin BMT-nin Baş Məclisində Beynəlxalq Holokost Qurbanlarını Anma Günü ilə əlaqədar keçirilən tədbirdəki çıxışında dünyada törədilən soyqırımları və kütləvi qətllər barədə danışarkən onların arasında Xocalı soyqırımını da qeyd etdiyini xatırladır.
Oxucuları Xocalı soyqırımı barədə məlumatlandıran Arye Qut 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş Sovet İttifaqının 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal etdiyini diqqətə çatdırır. Fevralın 26-da səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gələrək qətliamın qurbanı oldu.
Xocalı soyqırımını təkcə Azərbaycan xalqına deyil, insanlığa qarşı törədilən cinayət adlandıran müəllif faciəni törədənlərin bu gün Ermənistan hakimiyyətinin yüksək pillələrində əyləşən hazırkı müdafiə naziri Seyran Ohanyan, prezident Serj Sarkisyan və keçmiş prezident Robert Koçaryanın olduğunu bildirir. Müəllif Serj Sarkisyanın britaniyalı jurnalist Tomas de Vaala verdiyi müsahibədən bəzi fikirləri də diqqətə çatdırır: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, biz onlarla zarafat edirik. Onlar zənn edirdi ki, ermənilər əlini dinc əhaliyə qaldıra bilməyən bir xalqdır. Biz bu stereotipin öhdəsindən gələ bildik”.