QAN YADDAŞI
İsrail Baş nazirinin müavini Xocalı soyqırımı ilə bağlı tədbirdə iştirak edəcək
Bakı, 24 fevral, AZƏRTAC
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən İsraildə silsilə tədbirlər keçirilir. Təşkilat “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Akko şəhərində Azərbaycan və İsrail rəsmilərinin iştirakı ilə Xocalı soyqırımına həsr edilən anım mərasimi təşkil edəcək.
Azİz-dən verilən məlumata görə, mərasimdə İsrail Baş nazirinin müavini, xarici işlər naziri, Knessetin deputatı Aviqdor Liberman, Azİz-in prezidenti, Knessetin deputatı Aleks Miller və digər rəsmi şəxslər, həmçinin İsraildəki Azərbaycan diaspor nümayəndələri iştirak edəcəklər. Tədbirdə Xocalı soyqırımı, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə, erməni vəhşiliklərinə dair çıxışlar olacaq, faciədən bəhs edən film nümayiş etdiriləcək və soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasına dair müzakirələr aparılacaq.
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının üzvü Afula Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən də Xocalı soyqırımına həsr edilən anım mərasiminin keçirilməsi nəzərdə tutulub.
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası 2007-ci ildə yaradılıb. Təşkilatın təsis qurultayı və bir sıra tədbirləri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilib. İsrail Baş nazirinin müavini Aviqdor Liberman Azİz-in fəaliyyətini daim yüksək qiymətləndirib, assosiasiyanın təşəbbüsü ilə keçirilən bir neçə tədbirdə şəxsən iştirak edib.
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası “Xocalıya ədalət!” kampaniyası çərçivəsində, Azərbaycan həqiqətlərinin İsrail ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra layihələr həyata keçirir.